Slumdog Millionaire / Milyoner filmi (2008)

Cəmi  bir sual Camal Maliki 20 milyon rupidən ayırır. O bunu necə edib?

 A) O hiylə edib
 B) O şanslıdır
 C) O dahidir
 D) Bu onun qismətidir

Hind filmlərini çox da sevmirəm. Nadir hallarda olar ki, mən hansısa Hind filminə baxaram. Bu məqaləmdə isə haqqında danışacağım film İngiltərə istehsalı olan, lakin məhz bir neçə kasıb Hindlinin həyatından bəhs edən bir filmdir.

Slumdog Millionaire (Xarabalıqdan çıxmış milyonçu) - bu film dünya ekranına 2008-ci ildə çıxıb və 2009-cu il Oskar müsabiqəsində 8 müxtəlif sahə üzrə Oskar alaraq gecəyə damğasını vurmuşdu. Filmin rejissoru İngiltərəli rejissor Danny Boyledir. Film Hindistan yazıçısı və diplomatı Vikas Swarupun "Q&A" novelinə əsasən çəkilib.


Filmin ssenarisinin əsasını əksər filmlərdə olduğu kimi sevgi, məhəbbət təşkil edir. Lakin bir çox filmlərdən fərqli olaraq burada 2 deyil, məhz 3 insan arasında olan sevgidən, daha doğrusu "məhəbbət üçbucağından" bəhs olunur. Filmin əsas qəhrəmanları Camal Malik, Səlim Malik ve Latikadır.
Göründüyü kimi Camal və Səlim qardaşdırlar və onların hər ikisi Latikanı sevir. Camal öz sevgisini daima açıq şəkildə biruzə versə də, Səlim bunu heç vaxt biruzə vermir.  Baxmayaraq ki, Latikanı bəlkə də Camalın onu sevdiyindən daha çox sevir. Latika isə Camalı sevir, çünki Camal çox yaxşı, mehriban, tərbiyəli, ağıllı oğlandır. Lakin Səlim belə olmur. Pul düşkünü, kobud, dəli-dolu olan Səlim əslində Camalı qısqanır. Camalın daima istədiklərini əldə etməsi Səlimin qıcıqlanmasına səbəb olur və o da əlindən gəldiyi qədər qardaşını incidir. Yəni onlar qardaş olsalar da, tamamilə əks xarakterə malik insanlardır.
 Sevgi məsələsində isə işlər daha da qəlizləşir. Bir yandan qısqanclıq, bir yandan da sevdiyi qadını itirmək qorxusu Səlimi dəli edir ve o nəhayət Latikanı Camalın əlindən alır. Lakin burada həmçinin prinsip məsələsi  də olur. Çünki Latika Səlimə də qismət olmur. Səlim üçün isə "Kimin olursa olsun, təki Camalın olmasın " prinsipi əsas mövqe tutur.  Lakin Səlimin bir çox mənfi xüsusiyyətləri ilə yanaşı, müsbət xüsusiyyətləri də olur. Belə ki, o Camalın gözünün kor olmasının qarşısını alır, qardaşını qoruyur. Onun bəzi müsbət xüsusiyyətlərini isə məqaləmin sonunda görəcəksiniz.

Baş roldakı qəhrəmanlardan biri də Latikadır. Latika çox gözəl, lakin taleyi üzünə gülməyən bir gənc qızdır. Amma onu da deyə bilərəm ki, bir tərəfdən də Latikanın bəxti gətirir. Çünki onun uğrunda sona qədər mübarizə aparan sevdiyi - Camal olur. O Camalın, Camal da onun ilk ve son sevgisi olaraq qalır...
Yəqin ki, xatırlayırsınız, bir müddət bizim telekanalların birində belə bir verliş varıydı -  "Milyonçu" (Kim Milyonçu olmaq istər?) Bu film də məhz bu verlişlə başlayır. Belə ki, filmin baş və  əsas qəhrəmanı olan Camal Malik verlişdə iştirak edir və 20 milyon rupini qazanmaq şanısını əldə edir. Lakin Camalın verlişdə iştirakının məqsədi başqa iştirakçılar kimi pul qazanmaq istəyi olmur. O bilir ki, Latika bu verlişə baxacaq və onun üçün o verlişə çıxır ki, Latika onu görsün...

Buna qismət, yoxsa təsadüf demək olar, bilmirəm, lakin elə olur ki, Camala düşən hər 1 sual onun həyatı ilə bağlı olur və o bu sualların hər birinə cavab verərkən öz keçmişinə, uşaqlığına addım-addım səyahət edir ve bütün bunları, yəni mənim yuxarıda danışdığım bütün hekayəni polisə danışır. Çünki bu onun hekayəsi olur...
 Desəz ki, polis hardan çıxdı?!  Onda sadəcə kinoya baxın, o zaman hər şeyi başa düşəcəksiz...

Filmin sonunda Latika kimin olur? Bu məhəbbət üçbucağının sonu kimin ölümünə səbəb olur?


Bu sevgidə qurban olan qardaşın son sözü nə olur? Bunların hamısını filmə baxıb öyrənə bilərsiz... :)

P.S. Onu da deyim ki, filmə baxdığımda Camalın timsalında bir atalar sözümüz yadıma düşür:  "Çox oxuyan çox bilməz, çox gəzən çox bilər" :)

Sonda Cavab:
D) Bu onun qismətidir...
   Müəllif: Həcər M.Y

Yorumlar

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan