12/26/2012

Requiem for a dream (2000)



İnsan psixologiyasın sarsıdan bir film!
Bu gün sizə bir neçə gün öncə baxdığım, amma heç vaxt unutmayacağım bir film haqqında yazmaq istəyirəm. Bəlkə də bir çoxlarınız bu filmə illər öncə baxıb, çünki film 2000-ci il istehsalıdır. 

Baxmayanlar isə yazacaqlarımı oxuduqdan sonra məsləhət bilsə mütləq bu filmə baxsın. Məsləhət bilsəniz deyirəm, çünki bu filmə baxmaq üçün həm ən azı 18 yaşınız olmalıdır (18+), həm də güclü sinir sisteminə sahib olmalısınız. Film özü  1987-ci ildə  Hubert Selby Jr-in yazdığı eyni adlı roman əsasında səhnələşdirilib.


“Requiem for a dream” -  narkotikanın səbəb olduğu ailə faciəsi haqqında bir tragediyadır. Narkotikanın zərərlərindən, ziyanlarından, necə dəhşətli bir şey olduğu haqqında televiziya proqramlarında, məktəblərdə, universitetlərdə və başqa bir çox yerlərdə tez-tez ətrafımızdakılardan eşidirik, amma sanki deyilənləri tam olaraq dərk etmirik. 

Ən azından bütün bunların az da olsa təsiri olsaydı, məncə, məktəbli vaxtı narkotikanın fəsadlarından eşidən birisi universitetə daxil olduqdan sonra ondan istifadə etmək haqqında düşünməzdi belə.

 Yəqin ki, hər birimiz azı bir dəfə belə olsa ərtafımızdan “ filankəs narkomandır. Filankəsin Oğlu, əri narkomandır, evdəki hər şeyi satıb gedir o zəhəri alır” kimi sözlər eşitmişik. Biz bu sözləri eşitsək də, amma həmin o ailələrin faciəsini təsəvvür etmirik. Elə bilirik ki, sanki bu, adi bir şeydir. Düzü, mən də əvvəl elə yanaşırdım bu məsələyə, amma bu film mənim bütün fikirlərimi dəyişərək, psixologiyamı necə lazımdı sarsıtdı. Narkomaniya ilə bağlı məndə müəyyən bir fikir yaratdı.

Hələ narkotika bir qırağa, arıqlamaq üçün gecə-gündüz tərkibin bilmədiyi dərmanları, həbləri qəbul edən yazıqları demirəm... O arıqlama dərmanlarının, çaylarının insana ziyanı olduğunu bilirdim. Ən azından onu bilirəm ki, arıqladan məhsul kimi reklamı gedən çay insan bağırsaqlarına qurd salır və beləliklə insanın iştahasi kəsilir. Amma indi siz düşünün... İdmanla, bir az az yeməklə verə biləcəyiniz 5-10 kiloya görə orqanizminizi o günə qoymağa dəyərmi?

Hələ mən ən yaxşı variantı dedim. Bu filmə baxdıqdan və o həblərin “bağımlılıq” etdiyini bildikdən sonra, inanmıram ki, kimsə o dərmanları kiməsə məsləhət bilə.

Filmin ssenarisi, insanlara vermək istədiyi mesajı, soundtrack, çəkiliş o qədər gözəldir ki, 10 ballıq sistemlə bu filmə  10+ verərdim. 

Uzun müddətdir ki, bəlkə belə güclü çəkilişli bir filmə baxmırdım. Düşünün, filmə baxmağa başladığınız ilk andan etibarən film sizi özünə elə çəkir  ki, bir az vaxt keçdikdən sonra artıq siz özünüzü filmin içərisində hiss edirsiniz.


Hələ mən bu filmə baxanda necə həyəcan keçirmişəm onu Allah bilir. Hətta bir ara istəyirdim, notebook-u bağlıyıb bir kənara atım. Ona görə deyirəm bu filmə güclü sinir sistemi olan insanlar baxsın. Yoxsa siz də mənim vəziyyətimə düşərsiz...

Filmin soundtrackin isə yəqin ki, aramızda eşitməyən yoxdur. Çünki televiziya verlişlərində, xəbərlərdə, əsasən də kriminal proqramlarda da tez-tez bu musiqini səsləndirillər, sadəcə olaraq mən o musiqinin məhz bu filmə məxsus olduğunu bilmirdim. Onu da qeyd edim ki, xəbərlərdən başqa, bu  musiqi, yəni "Winter: Lux Aeterna"  Da Vinçi Şifrəsi və Yüzüklerin Efendisi filmlərində də istifadə edilmişdir. 

Düzü, soundtrack çox təsirli olsa da, mən qulaq asmamağa üstünlük verirəm. Çünki qulaq asan kimi film yadıma düşür və o həyəcanı yenidən keçirirəm.

Siz hələ filmin rəsmi web səhifəsindən danışın... Tam filmə uyğun bir sayt yaradıblar.  
Adamlar işin ustasıdır, sözün belə yerdə deyərlər. Sayt da elə film qədər insanda maraq oyadır. Ona görə də maraqlananlar üçün linkin paylaşıram. İstəsəz siz də bir göz atın: http://www.requiemforadream.com/

Nəysə, bu film məni alt-üst elədi desəm, yanılmaram. Narkomaniya ilə bağlı çəkilmiş bəlkə də ən gözəl film, ən uğurlu layihədir. Mən istərdim, bu filmdən bəzi kadrları kəsərək bizim tv kanallarda da tez-tez yayımlasınlar ki, qoy bu zəhəri nə vaxtsa çəkməyi düşünən yeniyetmələr sonlarının necə olacağını görsün. O mələtin onları ağ günə çıxarmayacağını qoy indidən başa düşsünlər. Çünki, məncə, deyilən heç bir söz bu film qədər onları sarsıda bilməz!

Məni narahat edən odur ki, indi bəzi gənclər elə bilir ki, bu çəkdikləri uyuşdurucular onların azad, heç kimdən asılı olmadıqlarını, müasir, pullu qaqaş olduqlarını, filan sübut edir... Amma inanın mənə, bu uyuşdurucu yuxarıda sadaladıqlarımdam heç birinin yox, məhz onların necə ağılsız, yazıq və bədbəxt olduğundan xəbər verir. Gərək insan necə ağılsız ola ki, göz görə-görə öz əlləri ilə diri ikən qəbrin qaza, özünü ölümə sürükləyə...


 Bir sözlə, möhtəşəm film idi. Bayaqdan bu yazını yazdıqca həyəcandan yenə əllərim buz kəsdi. Ona görə də ən yaxşısı yazımı elə burdaca sonlandırım. 18+ səhnələrin bəzi hissələrdə sinirlərinizlə oynayacağını, psixologiyanızı  nəzərə alaraq, bu filmə baxıb-baxmamağınıza artıq siz qərar verin. Yenə dəyirəm, əsəb sistemi zəif olanlar izləməsin, çünki çox sarsıla bilər. İnanın ki, 1-2 günə unuda biləcəyiniz bir film deyil...