2/04/2013

Lazer Göz Əməliyyatı


Salam, dostlar. Uzun müddət buralarda olmamağımın səbəbi lazer göz əməliyyatı olmağım idi. Bugünkü yazım da sırf  bu əməliyyatla bağlı olacaq. 

İnternetdə bu haqqda məlumatlar ancaq klinikalar tərəfindən verildiyindən, mən də həmin əməliyyatı keçirən bir insan kimi öz təcrübələrimi sizinlə bölüşmək istədim.
Yəqin indi bu yazını oxuyanların arasında mənim kimi uzaq görmə problemi olan, 40 saniyədə eynəkdən azad olmaq istəyən dostlarım var. Əməliyyat haqqında düşünən, bir qədər tərəddüd edən, sualları olan dostlarım üçün bütün bu prosesi ətraflı yazmağa çalışacam.

İlk öncə onu deyim ki, mən Celamic Göz Klinikasında əməliyyat olunmuşam. Ona görə də bu yazımı o klinakada görüb eşitdiklərim əsasında yazmışmam.

Lazerlə bıçaqsız Göz Əməliyyatı zərərsizdirsə, bəs niyə həkimlər özü eynək taxır?
Bir çox adam bu sualı düşünərək əməliyyatdan imtina edir. Amma inanın mənə bu əməliyyatın zərərli olması ilə əlaqədar deyil. Məsəlçün, mənim həkimim özü eynək taxmırdı, amma eynək taxanlar da ya yaşlarına görə əməliyyat olunmayanlar, ya da eynəyin onlara ayrı bir xarizma verdiyin düşünənlərdi  =)

Əməliyyata girməmişdən öncə biz də bir çox həkimdən bu əməliyyatın məsləhət olub olmadığın soruşmuşduq, hamısı da məsləhətlidir, əgər gözü uyğundursa,  mütləq əməliyyat elətdirin, canı qutarsın deyirdi =)

Kimlər bu əməliyyatı seçməlidir:
Mən əməliyyat olundum, çünki gözüm həm çox zəifləmişdi, həm də eynəkdən, linzadan artıq bezmişdim. 6-cı sinifdən bəri eynək, son 2 ildə isə optik linzadan istifadə edirdim.

Eynəyi taxmağı bir çox səbəbdən sevmirəm. Linza isə elə bir şeydir ki, həm zaman keçdikcə gözü zəiflədir, buynuz qişasın nazikləşdirir, həm də ki, arada gözdə qıcıqlanma, qaşınma edir.
Əgər bunlardan artıq bezmisizsə, onda əməliyyat haqqda  düşünün, amma yox halınızdan razısızsa, onda əməliyyatı unudun getsin  =)

Kimlər əməliyyat oluna bilər:
Deməli, 19 yaşı tamam olmuş hər kəs müayinədən sonra əgər gözləri əməliyyata uyğundursa, əməliyyat oluna bilər. 19 yaşından öncə olmaz, çünki insan gözü bu yaşa qədər zəifləməyə meyillidir.

Neçə dərəcəyə qədər olan gözlər düzəldilir?
-12.00 D qədər miyopiya (uzaq görmə), -6.00 D qədər astiqmatizm.
+6.00 D qədər hiperopiya (yaxın görmə), + 5.00 D qədər astiqmatizm. 

Məsəlçün, əməliyyata girəndə mənim gözüm -4, astiqmatizm isə 0,75 idi.

 Müayinə harada və necə olunur? Qiyməti?
Əməliyyat olunmamışdan öncə gözün müayinədən keçməsi vacibdir. Müayinənin qiyməti Celamic-də 100 manat idi. 100 manat ödədikdən sonra ordakı 6 aparatdan keçirsiz. 

Yəni gözünüz hər tərəfli, zəifliyindən əlavə, göz dibi, buynuz qişasına qədər yoxlanılır, göstəriciləri qeyd edilir. Sonra isə bu müayinənin cavablarını Türkiyəyə cərraha göndərir, ondan əməliyyata uyğun olub olmadığı haqqda cavab gözlənilir.

Müayinənin cavabları nə qədər vaxta gəlir və müayinədən nə qədər sonra əməliyyat olunmaq olar?
Deməli, müayinənin cavabları təxmini 1 həftəyə gəlir. Sizə zəng edərək gözləriniz əməliyyata uyğun olub olmadığı haqqda məlumat verilir. Əgər cərrah uyğun görübsə, elə müayinə olunduğunuz ayın sonu əməliyyat olunmağınız sizə təklif edilir. Əgər istəsəz həmin ay əməliyyat oluna bilərsiz, amma yox,  “qoy bir az düşünüm, o biri aylarda əməliyyat olunaram”  deyirsizsə, onu bilin ki, müayinənin cavabları ancaq 6 ay üçün keçərlidir. Yəni, əgər müayinədən 6 ay keçəndən sonra əməliyyat olunmaq istəsəz, gərək yenə100 manat verib bir də müayinə olunasız.
Əməliyyat qorxulu heç bir şey olmadığından, məndən sizə məsləhət, elə həkim uyğun gördüyü vaxtda əməliyyat olunun. Nə qədər tez olsa o qədər tez canınız qurtarar eynəkdən.

Əməliyyatın qiyməti? Qorxuludurmu? Narkoz verilirmi?
Deməli, əməliyyatın qiyməti hər göz üçün 600 manatdır. Məsəlçün, mən iki gözümdən əməliyyat olunduğumdan 1200 manat ödəmişdik. Yəni bu pulun müayinə ilə heç bir əlaqəsi yoxdur. Müayinə ilə birlikdə cəmi 1300 manata gəlib çıxır.

Əməliyyat heç qorxulu deyil. Yəni diş həkimində şəxsən mən ondan çox qorxuram :D
 Bircə əməliyyat otağına o xalatla, başda papaqla filan girib əməliyyat masasına uzananda adam bir az qorxur o qədər. Onda  da həkim adamı sakitləşdirir, heyecan yok, stress yok, rahat ol filan deyir)

Əməliyyatın ən gülməli anı:
Orda adamın gözünə lazer veriləndə tap-tap-tap səs gəlir. Elə bil dalbadal atəş açıllar. Mən də  o həngamədə ürəyimdə o lazer işığına deyirdim ki, “lan erkeksiniz tek-tek gelin, bu ne böyle?!” :D düzdü, belə deməyi sizə məsləhət görmürəm, amma rahat olub əməliyyatdan  qorxmayın.

Əməliyyatda gözdə ağrı hiss edilirmi?
Gözə keyidici damlalar tökdüyündən gözünüz heç bir ağrını hiss etmir. Həkim dediyi kimi qırmızı işığa baxırsız, o qədər.

Əməliyyat nə qədər çəkir?
Əməliyyat hər göz üçün təxminən 10 dəqiqə çəkir. 20 saniyə bir aparata baxırsız, 40 saniyədə qırmızı lazer işığına baxırsız, qalan vaxt isə ancaq həkimin işinə gedir.

Əməliyyatdan sonra ağrı heç olmur?
Əlbəttə ki, olur. Oda ki, baş ağrısı filan. Əməliyyatdan sonra 1 gün boyunca gözünüzdən yaş axır, başınız ağrıyır, hətta mənim çənəm, qulağım, dişlərimə qədər ağrıyırdım. O ağrılar da “Spazmaqol” vasitəsilə keçdi getdi. Yəni dözülməyəcək ağrılar deyil. Yaxşı görmək üçün onlara dözməyə dəyərdi.

Əməliyyatdan sonra göz necə görür?
Əməliyyatdan sonra 20 gün filan göz bulanıq görür, yəni bu normal haldır. Gözüm  bulanıq görsə də, ətrafı elə eynək taxmış kimi görürəm. Həkimim verdiyi damcıları istifadə etdikcə, gün keçdikcə hiss edirəm ki, o bulanıqlıq da keçib gedir. Hətta indi gözlərim elə yaxşı görür ki, arada elə bilirəm linza taxmışam deyə belə görürəm, gedib linzalarımı çıxartmaq istəyirəm =)

Əməliyyatda qan olurmu?
Əməliyyatda deyil, amma əməliyyatdan sonra bəzi insanların gözünə qan düşür. Məsəlçün, mənim sağ gözümdə qan çox idi, o da həkim dedi ki, 10-15 günə çəkilib gedir. Artıq əməliyyatımdan bir həftə keçib və doğrudan da görürəm ki, gözümdəki qan da solub. Yəni, o qan elə də problem deyil.

Əməliyyatdan sonra nələr olar, nələr olmaz?
Əməliyyatdan sonra sizə 1 ay boyunca çölə çıxanda gün eynəyi taxmağı tapşırırlar. Bu həm günəşdən, həm də tozdan, zərbədən gözü qorumaq üçündür.

Əməliyyatın ilk günü isə sizə evdə qaranlıq otaqda oturmaq tapşırılır. Onsuzda göz əməliyyatdan çıxanda adam özü bir günlük ancaq qaranlıq istəyir. Çöldən gələn hərhansı bir işıq adamı qıcıqlandırır. Məsəlçün, mən həmin gün evdə də gün eynəyi ilə oturmuşdum, hətta gecə də eynəklə yatmışdım ki, birdən çaşıb əlimi gözümə aparıb oxalayaram.

Əməliyyatdan sonra 1 ay çiməndə ehtiyatlı olmaq lazımdır ki, gözə su düşməsin, yoxsa infeksiya düşə bilər. Ona görə də salondakı kimi başınızı arxaya eliyib, saçınızı yumaqda evdəkilərdən kömək istəyə bilərsiz.

Qadınların yaralı yerini deyirəm indi, deməli, Əməliyyatdan sonra 1 ay gözə makiyaj qəti olmaz. Nə qara qələm, nə tuş, nə ten filan.

Əməliyyatdan sonra gözün yaxşı görməsinə qarantiya verilirmi? Bunun müddəti nə qədərdi?
Əslində heç bir əməliyyatda tam qarantiya verilə bilməz. Çünki əməliyyatdan çıxandan sonra sizin səhfinizə görə də gözünüz zəifləyə bilər. Sadəcə olaraq gözü qorumaq, həkimin dediklərin əməl etmək lazımdır.  Əgər əməl etsəz, ömürlük uzağı yaxşı görəcəksiz. Sadəcə olaraq 40 yaşınızdan sonra yaxını yaxşı görmək üçün eynəkdən istəfadə edə bilərsiz, o qədər.

Birdə ki, bu əməliyyatdan sonra gözün zəifləməsi əməliyat olunan gözün zəiflik dərəcəsindən də asılıdır. Məsələn, əgər göz -9 dursa,  ya da asiqmatizm yüksəkdisə, çox böyük ehtimal bu göz sonradan zəifləyərək -1 və ya -2 ola bilər. 

Bütün bu ehtimalları əməliyyatdan öncə cərrah özü xəstəsinə ətraflı izah edir, əməliyyat olub olmamaq qərarını xəstənin öz ixtiyarına buraxır.

Əməliyyatdan sonra gözdə fəsadlar?
Dediyim kimi, hələ 1 həftə əvvəl əməliyyat olunmuşam. Təxmini 20 gün hələ bulanıq görəcəm, amma bulanıq görsəm də yaxşı görürəm uzağı.
Göz quruluğu isə olur. Ya bir az kitab oxuyanda, ya komputerə, televizora çox baxanda. Amma o göz quruluğuna qarşı da süni göz yaşı veriblər. 3 saatdan bir o dərmanı tökərək quruluğu aradan qaldırısız.
İşıqların yayılmağı – bəziləri əməliyyatdan sonra işıqları yayğın görürəm deyir,amma bu bilisiz necə yayğın görməkdi,elə bil gözləriniz dolub işığa elə baxısız. Yəni adamı elə də naraaht eləmir.
Gecə görməyin zəəifliyi – bəziləri əməliyyatdan sonra gecə pis gördüyünü deyir, hətta bu əməliyyat öncəsi imzaladığınız müqavilədə də qeyd edilib, hələ gecəni çölə çıxmadığımdan narahtçılığın heç hiss etməmişəm. Amma dediyim kimi, bircə gecə maşınların işığın yayğın görə bilərsiz bir müddət, o qədər. Zamanla hər şey düzəlir.

Bu da həmin əməliyyatın nümunə için bir videosu. Baxıb qorxmayın, çünki göründüyü qədər qorxulu deyil. =)


Ağlıma gələn bütün sualları cavabları ilə birgə ətraflı yazmağa çalışdım. Əgər sizin bu haqqda hər hansı bir sualınız varsa, buyurun soruşun cavablandırım.