11/30/2012

Erich Fromm - Sevmək sənəti


Həqiqətənmi məhəbbət bir sənətdir? Sevməyi məgər kitablardan öyrənə bilərikmi?
Bugün sizə haqqında yazacağım kitabı məhz adı diqqətimi çəkdiyi üçün almışdım.  Adından da göründüyü kimi  sevmək nəzəriyyəsindən, sevməyin özünün də bir sənət olduğundan bəhs edən bu kitab məşhur alman filosofu və psixoloqu Erich Fromma məxsusdur.

Erich Frommun bir çox dillərə tərcümə olunmuş, dünyaca məşhur kitabları olsa da, “Sevmək sənəti” mənim oxuduğum ilk kitabı idi.
Düzün demək lazımdırsa, mən  kitabdan gözlədiyimi ala bilmədim.  Bəlkə də tərcümənin yaxşı olmaması kitabı bu qədər sıxıcı və darıxdırıcı etmişdi.


 Kitabda sadəcə olaraq sevməyin növlərindən bəhs edilir və insanın psixoloji vəziyyətlərinin elmi adları açıqlanıb. Bundan başqa kitabın diqqət çəkən bir tərəfi yoxdur. Kitabın qiyməti 3.90 AZNdir. Lakin məncə, siz bu kitab əvəzinə daha maraqlı bir kitab ala bilərsiz. 


Amma yenə də oxumaq istəyənlər üçün qeyd edim ki, bir neçə saata oxuyub bitirilə biləcək qısa bir kitabdır.
Kitabdan seçdiklərim:
Müasir insan üçün xoşbəxtlik mağaza vitrinlərini həyəcanla seyr etmək və maddi şəraitin imkan verdiyi hər şeyi almaqdan ibarətdir: nağd və ya kredit yolu ilə.


20-ci illərdə canıbərk və həssas, siqaret çəkən və spirtli içkilərə meylli olan qızlar cəlbedici sayılırdı. İndi isə sadə və qənaətcil xanımlar dəbdədir.
Əgər sizin sevginiz qarşılıqsızdırsa, yəni məhəbbətinizdən məhəbbət doğmursa; əgər məhəbbətinizi biruzə verməklə qarşılıq alaraq sevilən olmadınızsa, deməli, sizin məhəbbətiniz zəifdir, o gücsüzdür.


“Hörmət” sözü polyak dilində "uwazac" sözündən əmələ gəlməklə, diqqətcil olmaq, göz olmaq mənasını daşıyır.


Uşaq məhəbbəti “Mən sevildiyim üçün sevirəm” prinsipinə söykənir.
Yetkin məhəbbətin əsasını “Mən sevdiyim üçün sevilirəm” prinsipi təşkil edir.
Yetişməmiş məhəbbət “Sən mənim gərəyim olduğun üçün səni sevirəm”,
Yetişmiş məhəbbət isə “Sən mənə səni sevdiyim üçün lazımsan”  kimi ifadə olunur.


Bir insan başqalarına tamamilə laqeyd qalaraq yalnız bir adamı sevirsə, onun sevgisi məhəbbət yox, sadəcə simbioz bağlılıq, başqa sözlə desək, geniş yayılmış eqoizmdir.


Bir-birindən başqa heç kimi sevməyən iki şəxsə tez-tez rast gəlinir. Əslində, onların məhəbbəti nə az, nə çox “a deux” – özünəvurğunluqdur.


Narsissizm  (özündənrazılıq, özünəvurğunluq) insan inkişafının ən erkən dövrüdür və bu dövrə qayıtmış insan artıq sevmək qabiliyyətində olmur. Bu halın son həddi artıq ruhi xəstəlikdir.


Eqoist özünü həddən artıq çox yox, daha doğrusu, həddən artıq az istəyir, əslində isə o, özünə nifrət edir.

P.S: Bu kitabla bağlı beklentilerim çox idi, amma çox təəssüf ki, sadəcə hayal kırıklığı yaşadım.
Bərbad tərcüməylə birlikdə kitab çəkilməz olmuşdu.